İQTİSADİYYAT
Macarıstanla içməli su təchizatı və kanalizasiya sektorunda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də “Azərsu” ASC-də Macarıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Tamaş Torman ilə görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərsu”nun sədr müavini Köçərli Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Bu sahədə Macarıstan şirkətləri ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayan K.Həsənov “Budapeşt Su İşləri” şirkəti ilə aparılan təcrübə mübadiləsinin töhfələrindən danışıb. Qeyd olunub ki, ötən müddətdə informasiya sistemlərinin, informasiya və kommunikasiya texnologiyaları strategiyasının işlənib hazırlanması və digər sahələrlə bağlı imzalanmış müqavilələrdən irəli gələn vəzifələr uğurla icra edilib.
Macarıstan Respublikasının Azərbaycandakı səfiri Tamaş Torman iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Macarıstan hökuməti və şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə maraqlandığını qeyd edərək gələcək əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.
Görüşdə, içməli su təchizatı və kanalizasiya sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.