İQTİSADİYYAT
“Made in Azerbaijan” brendi Moskva sərgisində
Moskva, 6 fevral, AZƏRTAC
Moskvada “Prodexpo 2018” XXV Beynəlxalq Ərzaq, İçki və Xammal Sərgisi açılıb. Sərginin baş sponsoru “Made in Azerbaijan” brendidir.
AZƏRTAC xəbər verir ki, “Eksposentr” mərkəzində keçirilən sərgidə bu il dünyanın 63 ölkəsindən, o cümlədən ABŞ, Böyük Britaniya, Argentina və s. 2000-dən çox şirkətin məhsulları nümayiş olunur. Sərgi zamanı ziyarətçilərə qeydiyyat zonasında sərginin baş sponsor ölkəsi - Azərbaycan haqqında məlumat verilir. Ölkəmiz sərgidə ilk dəfə “Made in Azerbaijan” milli stendini təqdim edir. Milli ornamentlərlə bəzədilmiş Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən, özünün keyfiyyəti və rəqabətqabiliyyətliliyi ilə seçilən meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, qənnadı məmulatları, çay və sair məhsullar ziyarətçilərə təqdim olunur. Burada quraşdırılmış monitorlarda “Ekspo Baku 2025”in təbliğat materialları, Azərbaycanın görməli yerləri, təbiəti barədə videoçarxları da nümayiş etdirilir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təşviqinə dair Fərmanı ölkədə qeyri-neft sektorunun inkişafına yönəlib. Brendin təşviqat mexanizmlərindən biri də beynəlxalq sərgilərdə milli stendlərin təşkilidir. “Bu sərgilərdə biz Azərbaycan məhsullarını təbliğ etməklə yanaşı, ölkəmizi tanıtmağa, respublikamızın turizm potensialına maraq oyatmağa çalışırıq”,- deyə o bildirib. Y.Abdullayevin sözlərinə görə, bu il “Prodexpo”da Azərbaycanı 27 şirkət təmsil edir. Sərginin elə ilk günü Azərbaycan şirkətlərinin əksəriyyəti ikitərəfli sazişlər üçün razılıq əldə ediblər.
“Prodexpo 2018” beynəlxalq ərzaq sərgisinin iştirakçıları da Azərbaycan stendində təqdim olunan məhsulları çox bəyəndiklərini söyləyirlər. Qeyd olunub ki, Azərbaycan məhsulları Rusiya bazarında kifayət qədər tanınır və onlara böyük tələbat var.
"Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisi regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri hesab olunur. Ərzaq sərgisinin rəsmi internet saytında habelə sərgi ziyarətçilərinə təqdim olunan kataloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərginin keçirildiyi zallarda yerləşən bütün monitorlarda “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva