İQTİSADİYYAT
Magistral neft kəmərlərinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında magistral neft kəmərlərinin keçdiyi ərazilərdə kəmərlərin təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, tədbirlərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin, ARDNŞ-in Neft Kəmərləri İdarəsinin məsul işçiləri, eləcə də müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Çıxışlarda Azərbaycanın magistral neft və qaz kəmərlərinin mühafizəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin rolundan danışılmış, bu istiqamətdə qurumun həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, hazırda Azərbaycanın magistral neft və qaz kəmərləri ilə Gürcüstan, Türkiyə və Rusiyaya karbohidrogen ehtiyatları nəql olunur və indiyədək bu kəmərlərin keçdiyi ərazilərdə - Gürcüstanda 26, Türkiyədə 37, Rusiyada isə 20 təxribat hadisəsi törədilmiş, Azərbaycanda isə cəmi 1 belə hal qeydə alınmışdır.
Məlumat verilmişdir ki, magistral kəmərlərin əhalinin istifadə etdiyi torpaq sahələrindən keçdiyi hissələrində suvarma işlərinin aparılması mühafizə işinin gedişində bəzi maneələr yaradır. Həmin yerlərdə torpaq mülkiyyətçiləri və icarədarlarının qeydiyyata alınmasının, eləcə də mütəmadi olaraq əhalinin maarifləndirilməsinin zəruri tədbirlərdən olduğu vurğulanmışdır. Yerli əhali ilə rübdə bir dəfədən az olmayaraq görüşlər keçirilməsi, profilaktik tədbirlərin təşkili məqsədi ilə təqvim tərtib olunduğu diqqətə çatdırılmışdır.
Görüşlərdə, həmçinin neftlə çirklənmənin törətdiyi fəsadlardan danışılmış, magistral kəmərlərin qorunması, sızmaların qarşısının alınması istiqamətində ARDNŞ tərəfindən görülən işlərdən ətraflı bəhs olunmuş, kəmərlərin mühafizə zonaları haqqında qaydalar ictimaiyyət nümayəndələrinə izah edilmişdir. Keçirilmiş tədbirlərdə yerli icra hakimiyyətləri, o cümlədən polis və digər hüquq-mühafizə orqanlarının magistral kəmərlərin mühafizəsi istiqamətində görməli olduqları işlər, ictimaiyyət nümayəndələrinin rolu kimi məsələlərə də toxunulmuşdur.