İQTİSADİYYAT
Magistral su xətlərinin üzərindəki qanunsuz tikililər əhalinin su ilə təminatında problemlər yaradır
Bakı, 4 avqust (AZƏRTAC). Azərbaycanda magistral su xətlərinin üzərindəki qanunsuz tikililər əhalinin su ilə təminatında problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov xəttə verilən suyun həcmini çoxaltmaq üçün təzyiqin artırılmalı olduğunu, ancaq təzyiq artırıldıqda qanunsuz birləşmələrə görə su xətlərində tez-tez qəzaların baş verdiyini bildirmişdir. Qəzalar baş verdikdə isə evlərin, hansısa qanunsuz obyektin altından keçən xətlərin bərpa olunması günlərlə vaxt aparır. Nəticə etibarilə biz daha böyük problemlə qarşılaşırıq və əhalinin su təchizatında daha uzunmüddətli problemlər yaranır.
Qeyd edilmişdir ki, bəzi ərazilərdə su kəmərinin mühafizə zolaqlarında qanunsuz tikililər inşa olunmuşdur. Bununla bağlı siyahılar hazırlanaraq müvafiq qurumlara təqdim ediləcəkdir.