REGİONLAR
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlığın inkişafında başlıca amildir
İsmayıllı, 5 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonunun, ictimai təsərrüfat kimi fəaliyyətini saxlayan, Nikitin adına kolxozunda ötən il hər inəkdən 3.489 kiloqram süd sağılmışdır. Bu, 2010-cu ildə rayon üzrə əldə edilən göstəricidən 2.071 kiloqram çoxdur. Belə ki, keçən il rayon üzrə hər inəkdən cəmi 1.418 kiloqram süd əldə olunmuşdur.
Mütəxəssislər heyvandarlıq sahəsində təsərrüfatda qazanılan yüksək göstəricini burada mal-qaranın cins tərkibinə göstərilən xüsusi diqqətlə əlaqələndirirlər. Qeyd edək ki, bu təsərrüfatın üzvləri bitkiçiliklə yanaşı, heyvandarlıq sahəsində də zəngin təcrübəyə malikdirlər. Hazırda burada 2.122 baş inək bəslənilir. Heyvanların mütləq əksəriyyəti qara-ala cinsindəndir. Artıq ikinci ildir ki, təsərrüfata daha məhsuldar mal-qaranın gətirilməsinə başlanılmışdır. Respublika “Aqrolizinq” ASC-nin xətti ilə respublikamıza Almaniyadan gətirilmiş cins düyələrdən 96-sını bu təsərrüfat almışdır. Alınan heyvanlardan 2009-cu ildə 70 baş, 2010-cu ildə isə 65 baş bala götürülmüşdür. Heyvanlar hazırda xüsusi şəraitdə bəslənilir və hər inəkdən, orta hesabla, gündə 20-25 litr süd sağılır.
Yerli mütəxəssislər bu göstəricinin son hədd olmadığını söyləyirlər.