İQTİSADİYYAT
Malayziyanın “MEASAT” şirkəti peyk xidmətləri və telekommunikasiya üzrə ixtisaslaşmışdır
Bakı, 8 noyabr (AZƏRTAC). Bakıda keçirilən 18-ci “Bakutel”, Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iri stendlərdən biri də Malayziyanın “Measat Satellite Systems” (MEASAT) şirkətinə məxsusdur.
Şirkətin meneceri Mişel Ng AZƏRTAC-a müsahibəsində demişdir ki, təmsil etdiyi qurum Malayziya ilə yanaşı Asiya və Afrikaya, o cümlədə Sakit okean hövzəsində yerləşən regionlara yüksək keyfiyyətli peyk xidmətləri təklif edir. Şirkətin peyklərinin əhatə dairəsi bütövlükdə 145 ölkəni və dünya əhalisinin 80 faizinin yaşadığı geniş bir coğrafiyanı əhatə edir.
Yayım xidmətləri və telekommunikasiya həlləri üzrə ixtisaslaşan şirkətin hazırda “MEASAT-2”, “MEASAT-3”, “MEASAT 3a”, “MEASAT 5” peykləri fəaliyyət göstərməkdədir.
Qeyd olunmuşdur ki, “MEASAT Azərspace-1” layihəsinin həyata keçirilməsi, peykin idarəsi üzrə texniki heyətin ixtisas səviyyəsinin artırılması, kosmik sənayeyə dair təcrübə mübadiləsi kimi bir sıra mühüm işlərdə “Azərkosmos” ASC ilə ilk gündən yaxından iştirak edir.