İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası SOCAR-ın istiqraz buraxılışını qeydiyyata alıb

Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışı qeydiyyata alınıb və onların emissiya prospekti təsdiq edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildiriblər ki, məcmu nominal dəyəri 100 milyon ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5 faizdir. SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr - 10 oktyabr tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında oktyabrın 13-14-də keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatası daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.