İQTİSADİYYAT
Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə başlamışdır
Bakı, 3 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən, eləcə də büdcə və maliyyə yardımı alan təşkilatların mühasibatlıq işçiləri üçün “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start vermişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində, 2013-cü il iyunun 3-14-də Naxçıvan Muxtar Respublikasında keçirilən təlimlərin məqsədi yerli mühasibatlıq işçilərinə yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin aşılanması, eləcə də onlara praktiki kömək göstərilməsidir.