İQTİSADİYYAT
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir
Bakı, 17 iyun (AZƏRTAC). Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.
Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə müvafiq dəyişikliklər və qəbul olunmuş qanun barədə məlumat vermişdir. Bildirmişdir ki, dəyişikliyin əsas mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ilk növbədə, pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olmuşdur. Nazir bildirmişdir ki, qeyd olunan xərclər üzrə tələb olunan 3193,2 milyon manatlıq maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilmişdir. S.Şərifov yuxarıda sadalanan məsələlərin icrası ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, yerli maliyyə orqanlarına konkret tapşırıqlar vermişdir.
Kollegiyada cari ildə qarşıda duran digər mühüm vəzifələrdən biri - ölkənin 2012-ci il üçün dövlət büdcəsinin və icmal büdcənin layihəsi, həmçinin sonrakı üç ildə icmal büdcənin layihəsinin müvafiq qanunun tələblərinə uyğunlaşdırılması da müzakirə olunmuşdur. Nazir layihələrin müəyyən olunmuş müddətdə hazırlanması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə gəlirlər və xərclər üzrə dövlət komissiyalarının yaradıldığını qeyd etmişdir.
İclasda diqqətə çatdırılmışdır ki, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan büdcə layihələri və digər sənəd və təkliflər avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Kollegiyada Nazirliyin fəaliyyətində avtomatlaşdırılmış idarəetmə sistemlərinin, elektron sənəd dövriyyəsi və elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilmişdir.
Dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunda edilmiş dəyişikliklərin tətbiqi barədə məsələlərin həlli ilə bağlı Nazirliyin əlaqədar struktur bölmələrinə, dövlət xidmət və agentliklərinin, yerli bölmələrin və tabeliyində olan digər qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərarlar qəbul edilmişdir.
######