İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının ümumi həcmi 40 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. İstiqrazlar 2019-cu il noyabrın 19-da ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.