İDMAN
“Mançester Yunayted” futbol məktəbi ilə imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsi bəhrəsini verir
Bakı, 28 iyun (AZƏRTAC). İyunun 28-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Bakcell” şirkətinin rəsmilərinin, "Mançester Yunayted" (MY) futbol məktəbinin məşqçilərinin və futbolçuların iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
“Bakcell” şirkətinin baş marketinq direktoru Aynur Abjanova “Futbol Baksell ilə” proqramı çərçivəsində MY futbol məktəbi ilə imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, MY futbol klubunun MDB məkanında ilk rəsmi telekommunikasiya tərəfdaş olan “Bakcell” Azərbaycanda futbolun inkişafına sərmayə yatıraraq uşaqlar üçün gözəl bir fürsət yaratmışdır. İyunun 11-dən 22-dək keçirilmiş seçim turu buna əyani sübutdur.
Məktəbin seçim turları AFFA-nın dəstəyi ilə Bakıda və Azərbaycanın bir sıra regionlarında - Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda keçirilmişdir. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad iyunun 24-dən 28-dək Bakıda MY futbol məktəbinin məşqçiləri Karl Uayld və Pol Qrey tərəfindən keçirilmiş təlim-məşq toplantılarında iştirak etmişlər.
AFFA-nın baş katibi Elxan Məmmədov demişdir ki, seçim turu ədalətli aparılmışdır. Toplanışa MY klubunun ezam olunan məşqçiləri rəhbərlik edirlər. Təlim-məşq toplantısının nəticələrinə görə 5 gənc Mançester şəhərinə səfər edəcək və Avropanın tanınmış klublarında olacaqlar.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.