İDMAN
“Mançester Yunayted”in məşqçiləri tərəfindən seçilmiş” Sumqayıt" komandasının yeniyetmə üzvü İngiltərəyə gedəcəkdir
Sumqayıt, 30 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və “Bakcell” şirkətinin birgə layihəsi çərçivəsində “Mançester Yunayted” yay futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən toplanış artıq başa çatmışdır.
Seçimdə iştirak edən uşaqların arasından seçilən 6 nəfər gənc futbolçu İngiltərənin Mançester şəhərinə yollanacaq, burada “Mançester Yunayted” futbol məktəbində hazırlıq keçəcəkdir. Onların arasında “Sumqayıt” futbol klubunun 11 yaşlı üzvü Samir Məhərrəmli də vardır.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bakcell Arena”da təşkil olunmuş təlim-məşq toplanışında iştirak etmək üçün Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil olunmuşdur. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 ən istedadlı uşaq seçilərək toplanışa cəlb olunmuşdur.
“Sumqayıt”ın digər üzvü Rüfət Abdullazadə “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılmışdır.