DÜNYA
Manuel Noyer 2013-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilmişdir
Berlin, 8 yanvar (AZƏRTAC). Münxenin “Bavariya” klubunun və Almaniyanın futbol üzrə yığma komandasının futbolçusu Manuel Noyer 2013-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilmişdir. Bu barədə yanvarın 7-də Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası məlumat vermişdir. İlin ən yaxşı qapıçısını müəyyənləşdirən ənənəvi rəy sorğusunda dünyanın hər yerindən 70 nəfər idman nəşrlərinin redaktorları və ekspertləri iştirak etmişlər. Keçənilki mövsümdə “Bavariya” klubunun tərkibində beş müxtəlif titul qazanmış Manuel Noyer Turinin “Yuventus” komandasının qapıçısı Canluica Buffonu və Londonun “Çelsi” komandasının qapıçısı Peter Çexi geridə qoymuşdur.
SID idman informasiyası agentliyi xatırladır ki, “Bavariya”nın qapıçısı bu ada layiq görülmüş üçüncü alman futbolçusudur. Bundan əvvəl 1996-cı ildə Andreas Kyopke və üç dəfə (1999-cu, 2001-ci və 2002-ci illərdə) Oliver Kann dünyanın ən yaxşı qapıçısı adına layiq görülmüşlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin