MƏDƏNİYYƏT
M.A.P. festivalında “Universal hadisə”
Bakı, 17 oktyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən M.A.P. (Musiqi. Sənət. Performans) festivalı çərçivəsində “YARAT” Mərkəzində Devid Espinoza Kukla Teatrının (İspaniya) təqdimatında “Universal hadisə” tamaşası nümayiş olunub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, D.Espinozanın bu və daha öncəki illərdə ərsəyə gətirdiyi teatr nümunələri dəfələrlə beynəlxalq teatr və sənət festivallarında maraqla qarşılanıb və mükafatlara layiq görülüb.
Tamaşada hər şey əslində sadədir: dördbucaq örtük üzərində, məhdud çərçivənin içində yuvarlaq olan dünya, daha doğrusu, o dünyanın başına gətirilən oyunlar göstərilir. Fərqli predmetlər bizə hələ bəşər sivilizasiyasının o tayından boylanır. Obyektlərin hekayə elementi kimi tədqiqi nəticələrinə əsaslanaraq, bu tamaşanın müəllifləri dünya tarixini öz nöqteyi-nəzərlərindən göstərməyə çalışıb, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələr üzrə audiovizual səyahət yaradıblar. Müəlliflər obyektlərin manipulyasiyası, xoreoqrafik hərəkətlər və işıq proyeksiyalarının vəhdəti nəticəsində qısa hekayə şəklində unikal bir tarix dərsi yaradıblar.