İDMAN
Maqnus Karlsen: Rəqibin istədiyi gedişləri oynamasına imkan vermədim
Şəmkir, 18 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
“Synergy Group”un təşkilatçılığı ilə keçirilən, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin ikinci turunda dünya çempionu Maqnus Karlsen idmançımız Şəhriyar Məmmədyarova qalib gəlib.
AZƏRTAC-ın Şəmkirə ezam olunan müxbiri xəbər verir ki, norveçli şahmatçı oyun barədə danışarkən deyib: “Bu gün oyunum yaxşı alındı. Rəqibin istədiyi gedişləri oynamasına imkan vermədim. Debütdən üstünlük əldə etdim və onu sona qədər qorudum. Nəticədə ilk qələbəmi qazandım. Bu nəticə mənim üçün vacib idi”.
Şəhriyar Məmmədyarov da Maqnus Karlsenin debütdən üstünlük qazandığını vurğulayaraq bildirib: “Dünya çempionuna qarşı oynamaq həmişə çətindir. Hər hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Sadəcə, bu gün Maqnus gözlədiyim gedişləri etmədi. Həmin gedişləri etsəydi, oyunun nəticəsi fərqli olardı. Amma Maqnus tamamilə fərqli gedişlər etdi”.