İDMAN
Maqnus Karlsen Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” turnirində ilk qələbəsini qazanmışdır VİDEO
Şəmkir, 20 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). Şəmkirdə qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” əsas turnirin ilk partiyası başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, norveçli Maqnus Karlsen və Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov arasında gərgin mübarizə şəraitində davam edən oyun dünya çempionunun xeyrinə başa çatmışdır. Oyun 46-cı gedişədək davam etmişdir.
“B” turnirinin dörd qarşılaşmasında heç-heçə qeydə alınmışdır. Belə ki, Radoslav Voytaşek (Polşa) - Vasif Durarbəyli (Azərbaycan), Pavel Elyanov (Ukrayna) - Rauf Məmmədov (Azərbaycan), Eltac Səfərli (Azərbaycan) - Qədir Hüseynov (Azərbaycan), Van Hao (Çin) - Etyen Bakro (Fransa) öz aralarında sülh bağlamışlar. Rusiyalı Aleksandr Motılyov və azərbaycanlı Nicat Abbasov arasındakı görüş davam edir.
“A” turnirində mübarizə aparan Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (İtaliya) və Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) qarşılaşmaları da davam edir.