Marcelo de Andrade: Bakı İqlim Fəaliyyəti Həftəsi ideal platformadır
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) iqlim sahəsində görülən işləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və gələcək üçün birgə həll yolları tapmaq baxımından ideal platformadır. Burada aparılan müzakirələr imkan verir ki, həm uğurlarımızı bölüşək, həm də mövcud problemlərə diqqət yetirək.
AZƏRTAC xəbər verir ki, bunu BCAW2025 çərçivəsində keçirilən “Azərbaycanın İqlim Liderliyi: COP29-dan Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-ə” mövzulu sessiyaya onlayn qoşulan “Pro Natura International”ın təsisçisi və sədri Marcelo de Andrade deyib.
O, bu sahədə əsas çətinliklərdən birinin maliyyələşmə olduğunu vurğulayıb: “Müxtəlif maliyyə dəstəkləri mövcuddur və onlar real şəkildə həyata keçirilir. Ancaq təəssüf ki, bu dəstək bütün ölkələrə bərabər şəkildə şamil edilə bilmir. Ən çox zərər görən dövlətlər isə çox zaman ən az imkanlara malik olanlardır”.
Marcelo de Andrade diqqətə çatdırıb ki, iqlim dəyişikliyinə qarşı mübarizədə meşələrin qorunması xüsusi əhəmiyyət kəsb edir. “Meşələr planetin “yaşıl ağciyərləri”dir. Onlar atmosferdəki karbonu udur, havanı təmizləyir və bioloji müxtəlifliyi qoruyur. Lakin qlobal istiləşmənin artması ilə meşə yanğınları daha geniş vüsət alır. Bu yanğınların qarşısını almaq, meşələri qorumaq və bərpa etmək üçün böyük maliyyə resursları tələb olunur. Xüsusilə də meşələrin geniş ərazilərini itirən ölkələr bu prosesdə daha həssas vəziyyətdədirlər. Ona görə beynəlxalq həmrəylik və çoxtərəfli maliyyə mexanizmlərinin gücləndirilməsi vacibdir. Biz bir daha anlamalıyıq ki, iqlim böhranı milli sərhədləri tanımır. Meşələrin qorunması, iqlim risklərinin azaldılması və sabit gələcəyin təmin olunması yalnız qlobal əməkdaşlıq və ortaq maliyyə öhdəlikləri ilə mümkün olacaq”,- deyə o əlavə edib.