DÜNYA
Mario Draqi: Koalisiyanı formalaşdıran siyasi partiyalar yeni hökumət sazişini təmin etməlidirlər
Roma, 20 iyul, AZƏRTAC
Rəhbərlik etdiyim hökumətin fəaliyyətinə davam etməsi üçün koalisiyanı formalaşdıran siyasi partiyalar yeni hökumət sazişini təmin etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Mario Draqi parlamentin yuxarı palatası Senatda çıxış edərkən deyib.
O bildirib ki, epidemiya, iqtisadi və sosial böhrana qarşı müxtəlif fikirli partiyaların bir araya gəlməsi ilə qurulan hökumətdə tərəflər vətəndaşların rifahı naminə fikir ayrılıqlarını bir kənara qoyub, sürətli və təsirli qərarlar qəbul etməlidirlər: “Hökumətə etimad göstərməmək, açıq bir mənası olan siyasi jestdir. Biz bunu görməzlikdən gələ bilmərik, əks halda bu, parlamenti görməzlikdən gəlmək mənası daşıyır. Əgər birlikdə qalmaq istəyiriksə, yeganə yol cəsarət, fədakarlıq və etibarlılıqla koalisiya tərəfdaşlığımızı yenidən qurmaqdır”.
Mario Draqinin Senatdakı çıxışından sonra müxtəlif partiyaların üzlərinin fikirləri dinlənilib. Bu gün Senatın Baş Assambleyasında hökumətlə bağlı etimad səsverməsi keçiriləcək. Baş nazir iyulun 21-də isə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına çıxış edəcək, burada da etimad səsverməsi keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma