İQTİSADİYYAT
“Marketinq elm kimi” kitabı işıq üzü görüb
Bakı, 30 aprel, AZƏRTAC
Əmək fəaliyyətinə mühasib kimi başlamış, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Xaqani İbrahimovun “Marketinq elm kimi” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitaba ön söz yazan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov özəl sektorun yaranma tarixi, marketinq, istehsalat, satış və topdan satış kimi anlayışlardan söhbət açır. O, Azərbaycanda marketinqin inkişafı üçün yaranmış şəraiti təhlil edərək yazır: “Dünyaya açıq olan Azərbaycan Respublikasında mövcud şərait marketinqin inkişafına tam imkan verir. Ölkəmizdə marketinq biznesdən daha çox inkişaf edib. Bunun başlıca səbəbi odur ki, ölkəmizdə marketoloqlar cəmiyyətin daha aktiv təbəqəsidirlər. Ancaq bu, bizə heç də əsas vermir ki, marketoloqlarımızı ABŞ, Rusiya, Fransa və Türkiyə marketoloqları ilə müqayisə edək. Birincisi ona görə ki, Azərbaycan bazarı kifayət qədər böyük deyil. İkincisi, Azərbaycanda maksimum yaşı 35-dir. Buna baxmayaraq, Azərbaycanda marketinqin hazırkı vəziyyətini qənaətbəxş hesab etmək olar”.
Ölkəmizdə marketinq elminin inkişafında xidmətləri olan şəxslərdən bəhs edən akademik onların sırasında T.Şükürovun, Ş.Axundovun, O.Məmmədlinin, Ş.Xurşudovun, F.İsmayılovun, R.İbrahimovun, G.Turabovanın, İ.Seyfullayevin və N.Verdiyevin adlarını çəkir. Nizami Cəfərov vurğulayır ki, marketinq Azərbaycanda yeni, gənc elm olmasına baxmayaraq, tələbələrimizin marketinqlə bağlı ədəbiyyat sarıdan korluq çəkməmələri təqdirəlayıq haldır. “Marketinq elm kimi” kitabı da marketologiya elmini öyrənmək istəyən ali məktəb tələbələri və iş adamları üçün dəyərli vəsait olacaq.
Qeyd edək ki, kitab 7 fəsildən ibarətdir: marketinq konsepsiyasının mahiyyəti; marketinqin mühitləri; bazarın öyrənilməsi; marketinqdə qiymətləndirmə; marketinqin idarə olunması; marketinqin nəzarət sistemi və marketinqdə məhsul siyasəti. Kitabda marketinqin mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyət olduğu, marketinq konsepsiyasının öz inkişafında istehsalın və məhsulun təkmilləşdirilməsi, kommersiya amillərinin intensivləşdirilməsi, istehlakçının marketinqi və sosial-etik marketinq konsepsiyalarından keçdiyi bildirilir. Həmçinin istehlak bazarı, rəqabət mühiti, marketinq vasitəçiləri və müştərilər, marketinqin müəssisədaxili mikromühiti və onun tədqiqatlarını növləri barədə ətraflı məlumat verilir. Rentabelliyin və bazar payının yüksəldilməsi, rəqabətə uyğunlaşma, gəlirin maksimumlaşdırılması, qiymət səviyyəsinə təsir edən amillər, bazarın kompleks təhlili və inkişaf proqnozu, ənənəvi, fərdi və sosial məsuliyyətli marketinq konsepsiyası şərh olunur.
Redaktoru Milli Məclisin deputatı Azər Badamov olan kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap edilib.