MƏDƏNİYYƏT
Marneulidə “Hüseyn Saraçlı” kitabının təqdimatı olub
Marneuli, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində ustad aşıq Hüseyn Saraçlının xatirəsinə həsr olunan kitabın təqdimatı keçirilib.
“Rehgion press” qəzetinin redaktoru Binnət Məmmədov tədbiri açdıqdan sonra çıxış edənlər Hüseyn Araçlı yaradıcılığından söz açıblar. Bildirilib ki, Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş “Hüseyn Saraçlı” kitabı ustad aşığın 100 illik yubileyinə ən yaxşı töhfədir.
Kitabın məsləhətçisi Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqub olub. Nəşrə hazırlayanı və redaktoru isə Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur.
Məlumat verilib ki, XX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan Hüseyn Saraçlı 1916-cı ildə Borçalıda - Gürcüstanın indiki Bolnisi rayonunun Saraçlı kəndində anadan olub, 1987-ci ildə doğma kəndində vəfat edib.
Oxuculara təqdim olunan kitabda Hüseyn Saraçlının şeirləri və dastan repertuarından seçmələrlə yanaşı, onun haqqında müxtəlif illərdə mətbuatda dərc olunmuş məqalələr, xatirələr və ustada həsr olunmuş şeirlər yer alıb.
Sonda Musa Nəbioğlu çıxış edərək kitab haqqında ətraflı məlumat verib, tədbirin təşkilatçılarına minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli