İQTİSADİYYAT
Marneulidə yeni 500 kilovoltluq yarımstansiya tikilir
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatını yaxşılaşdırmaq məqsədilə yeni elektrik yarımstansiyası tikilir.
Oktyabrın 9-da Marneuli bələdiyyəsində 500 kilovoltluq “Marneuli 500” yarımstansiyasının təməli qoyulub.
Mərasimdə Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər.
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə “Bölgə elektrik ötürücüsünün bərpası layihəsi” çərçivəsində tikiləcək yarımstansiya yeni müasir texnologiyalarla təchiz olunacaq.
Yarımstansiya mövcud 220/110 kilovoltluq yarımstansiyaya “Marneuli” 220 kilovoltluq xətt vasitəsi ilə birləşəcək. Yeni xətti “Gürcüstanın dövlət elektrik sistemləri” öz hesabına inşa edəcək. İnşaat işlərini Türkiyənin “Best” şirkəti həyata keçirəcək.
Ümumi dəyəri 20 milyon ABŞ dolları olan yarımstansiya 2016-cı ilin sonlarında istifadəyə veriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi