MARSA “BOMBA” ATACAQLAR
“Bomba” şimal en dairəsinin 40-cı dərəcəsi rayonuna düşməlidir. Burada orbitdən fotoçəkilişlər landşaftın buzlağa oxşayan detallarını aşkarlamışdır. İstisna deyil ki, orada torpağın nazik təbəqəsi altında sulu buz var. “Bomba” həmin sahəyə düşdükdən sonra orada 10 metrlik krater əmələ gələcəkdir. Kraterdən havaya qalxan maddəni orbitdən araşdırmaq mümkün olacaqdır.
Güman edilir ki, Marsın qütblərinin dəyişməsini məhz orta en dairələrindəki buz “xatırlayır”. Ehtimala görə, təxminən 50 min ildə bir dəfə planetin oxu 90 dərəcə dönür, deməli, qütb və ekvator nöqtələri yerlərini dəyişir. (Dolayısı yolla bunu, məsələn, parçalanmış nəhəng meteoritdən qopub ayrılmış kraterlər silsiləsi təsdiqləyir - meteorit düşən zaman Mars indikinə nisbət başqa cür fırlanırdı). Ox hər dəfə istiqamətini dəyişdikdə, Marsın qütb “papağı” əridiyinə görə, buz ancaq ara sahələrdə dəyişməz qala bilər.
Yeni ekspedisiyanın sxemi bu yaxınlarda aparılmış “Diip İmpəkt” eksperimentini xatırladır. O vaxt kosmik aparat kometaya mis mərmi ilə atəş açmışdır. Partlayış nəticəsində əmələ gələn bulud kifayət etmişdir ki, Yerdəki cihazlar ona “nəzər salsın” və araşdırsın.
İndiyədək NASA öz aparatlarını Marsa endirmək üçün başqa sahələri - qütbətrafı və ekvatorial sahələri seçirdi. İkinci variant minerallar toplayan marsoxodlar üçün üstün sayılır. Buz ehtiyatlarının cəmləşdiyi qütbün ətrafında isə “Mars Polar Lander” stasionar zondu uçmalı idi. Lakin o, Marsa enərkən qəzaya uğramışdır.
Marsın qütb “papağını” öyrənmək üçün 2007-ci ildə oraya “Feniks” aparatı göndəriləcəkdir.