MARSIN SƏTHİNDƏ DONMUŞ SU AŞKAR EDİLMİŞDIR
ABŞ alimləri Marsın səthində, onun cənub qütbü sərhədində donmuş su, daha doğrusu, adi buz aşkara etmişlər. Bundan əvvəl bu planetin şimal qütbündə çox böyük buz “yatağı” üzə çıxarılmışdı.
Təbii ki, Marsın şimal qütbündə donmuş suyun mövcudluğu, cənub qütbünün isə ancaq donmuş karbon qazından və ya, necə deyərlər, “quru buz”dan ibarət olması sual doğurmuşdu. İndi bu problem həll edilmiş və planetin hər iki qütbü buzlaqlıq baxımından “bərabərləşmişdir”.
Tədqiqatın rəhbəri - ABŞ Geologiya Xidmətinin əməkdaşı Timoti Titus bildirmişdir ki, Amerikanın Marsətrafı orbitdə olan “Odissey” planetlərarası stansiyasında quraşdırılmış cihazın köməyi ilə edilən bu kəşf belə bir ehtimalı təsdiqləyir ki, cənub qütbündəki quru buz özlüyündə altında adi buz kütləsi olan nazik təbəqədən ibarətdir. İTAR-TASS-ın verdiyi xəbərə görə, alim demişdir ki, aşkara çıxarılan buz Marsdakı aysberqin yalnız görünən hissəsi ola bilər.
Marsda buzun olması “Odissey”in infraqırmızı kamerasının köməyi ilə aşkar edilmişdir. Adi buzun olması gündüzdən gecəyə keçid zamanı Marsın səthində temperatur dəyişikliyi müşahidə edilərkən müəyyənləşdirilmişdir. Titus demişdir ki, qum və toz tez, daşlar tədricən qızır, donmuş su, yəni buz isə bunların hamısından ləng qızır”.
Alimlərin açıqlamalarına görə, Marsda donmuş suyun geniş yayıldığı artıq müəyyən edilmişdir, amma bu planetin hansısa başqa bir yerində maye halda suyun olub-olmaması hələlik məlum deyildir. Maye halda suyun olması isə həyatın mövcudluğunun zəruri şərtidir.