SİYASƏT
Mart ayında Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqların sonuncu raundu keçiriləcəkdir
Bakı, 19 fevral (AZƏRTAC). Mart ayında Brüsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqların növbəti raundu keçiriləcəkdir.
Ola bilsin ki, bu raund sonuncu olacaqdır, lakin bundan sonra daha bir görüş də keçirilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat vermişdir. O qeyd etmişdir ki, bəzi məsələlər, o cümlədən readmissiya ilə əlaqədar məqamlar hələlik tam razılaşdırılmamışdır. Viza alınması məsələlərində problemlər qalmamışdır, lakin bu sahədə də bəzi detalların müzakirə edilməsinə ehtiyac var.
Nazir müavini Avropa İttifaqının Enerji, nəqliyyat və ətraf mühit üzrə altkomissiyasının Azərbaycanda keçirilmiş iclası barədə məlumat verərək qeyd etmişdir ki, bu qurum Azərbaycanla əməkdaşlıq edir. Avropa İttifaqının ticarət, insan hüquqları, demokratiya və təhlükəsizlik, habelə sosial və humanitar məsələlər üzrə başqa altkomitələri ilə də tərəfdaşlıq münasibətləri yaradılmışdır. M.Məmmədquliyev bildirmişdir ki, görüşün gündəliyində bir sıra problemlərin müzakirəsi nəzərdə tutulur. Sabah Azərbaycan tərəfi ilə Aİ arasında energetika məsələləri müzakirə olunacaqdır. Bu sahədə Aİ ilə ölkəmizin əməkdaşlığı strateji xarakter daşıyır.