REGİONLAR
Masallı polisi vətəndaşlara tibbi maska və əlcək paylayıb
Masallı, 8 may, Bağır Əliyev, AZƏRTAC
Dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, bu virusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə polis əməkdaşları tərəfindən əhali arasında maarifləndirici söhbətlər aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, belə tədbirlərdən biri Masallı rayonunda baş tutub. Rayonda əhalinin daha sıx olduğu ərazilərdə, poçt məntəqlərinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 300-ə yaxın tibbi maska və əlcək paylanılıb.
Sakinlərə, həmçinin xüsusi karantin rejiminin tələbləri izah edilib, onlara ara məsafələrin qorunması xatırladılıb.
Eyni zamanda, şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayondaxili hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparılır, sürücülərə tibbi əlcək və maska paylanılır.