İDMAN
Masallı rayonunun Boradigah qəsəbəsində alternativ enerji ilə işləyən idman mərkəzi istifadəyə verilmişdir
Masallı, 29 dekabr (AZƏRTAC). Dekabrın 29-da Masallı rayonunun Boradigah qəsəbəsində Azərbaycanda ilk dəfə alternativ enerji ilə işləyən idman mərkəzi istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişinə əsasən “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi tərəfindən tikintisinə bu ilin iyul ayında başlanılan idman mərkəzinin elektrik sistemi günəş panelləri ilə təmin edilmişdir. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş panelləri quraşdırılmışdır.
Mərkəzin idman zalında mini-futbol, voleybol, basketbol, həndbol, güləş və atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Burada, həmçinin məşq otaqları inşa edilmiş, trenajorlar quraşdırılmışdır. 2,5 hektar sahəni əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadionun və otelin tikilməsi də nəzərdə tutulur.
İdman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova qəsəbə sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək demişdir: 2005-ci ildə bu dairədən deputatlığa namizədliyim irəli sürülərkən mənə verilən seçici tapşırıqlarından biri də qəsəbədə müasir tipli idman mərkəzinin tikilməsi idi. Nazirlər Kabineti seçici tapşırığına əsəsən irəli sürülən bu təşəbbüsü bəyənmiş və bu işə dəstək vermişdir. Bu gün çox sevinirəm ki, seçicilərin sosial problemlərindən biri də öz həllini tapmışdır.
Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman mərkəzində hər cür şəraitin yaradıldığını vurğulayan Elmira Axundova qəsəbə idmançılarının gələcəkdə böyük uğurlara imza atacaqlarına əminliyini ifadə etmişdir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsini icra edən Cəmil Məlikov Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 18 yanvar tarixli Sərəncamı ilə yaradılan qurumun fəaliyyətindən və gələcək planlarından danışmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mərasimdə çıxış edən sakinlər və idmançılar yeni il ərəfəsində bu gözəl hədiyyəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
İdman Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Milli Məclisin deputatı Elmira Axundova idmançılara idman geyimləri və futbol topları hədiyyə etmişdir.