MƏDƏNİYYƏT
Masallıda beynəlxalq folklor festivalı başlamışdır
Bakı, 13 iyun (AZƏRTAC). Masallıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İkinci Beynəlxalq folklor festivalı başlamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Latviyadan folklor kollektivləri iştirak edirlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 16-dək davam edəcək beynəlxalq festivalda Azərbaycandan Ağdamın “Qarabağ bülbülləri”, Masallının folklor kollektivləri və rəqs qrupları da öz məharətlərini göstərirlər.
Festival günlərində qonaqlar üçün rayonun tarixi və görməli yerlərinə ekskursiyaların təşkili nəzərdə tutulmuşdur. Rayonun turizm obyektlərində və istirahət mərkəzlərində, yaşayış məntəqələrində konsertlər, xalq tətbiqi sənəti nümunələri və yerli sənətkarların əl işlərindən ibarət sərgilər təşkil ediləcəkdir.