CƏMİYYƏT
Masallıda beynəlxalq təlim uğurla davam edir
Masallı, 3 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Masallı rayonunda “Birlikdə daha yaxşı yaşayış üçün” mövzusunda beynəlxalq təlimə başlamışdır.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təlim öz fəaliyyətini müxtəlif təqdimatlar, qrup tapşırıqları, mühazirə, sual-cavab, nəzvəri-praktik və digər məşğələlərlə davam etdirir.
Ukraynadan və Moldovadan olan təlimçilər Anatoli Polovynets və Lyudmila Nofit iştirakçıların maraq və diqqətini cəlb edən müxtəlif mövzularla çıxış etmişlər.
Təlimçilər gənclərin fikir, rəy və təkliflərinə xüsusi diqqət yetirirlər. Hər təlim gününün digərlərindən fərqli formada təşkili, əcnəbi gənclərə yerli həmkarları ilə birbaşa təmasa girmək imkanlarının yaradılması iştirakçıların informasiyalarını daha da zənginləşdirir.
Mədəniyyətlərarası gecənin şən əhval-ruhiyyədə, musiqili, milli və əcnəbi mədəniyyətlərin tanıtımı formatında keçirilməsi isə müxtəlif ölkələri təmsil edən gəncləri bir-birinə daha da yaxınlaşdırır, onlar arasında dostluğu möhkəmləndirir.
ADTGT-nin layihəsi əsasında həyata keçirilən beynəlxalq təlimdə on bir ölkədən 28 gənc iştirak edir.
Layihənin əsas məqsədi Avropa məkanında gənclərin məşğulluq və işsizlik kimi səciyyəvi problemlərinin öyrənilməsi, təhlili, gənclərin yeni iş imkanları, karyera quruculuğu, onların məşğulluğu üçün zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasında informasiya və təcrübə mübadiləsinin aparılmasıdır.