REGİONLAR
Masallıda camışçılıq inkişaf etdirilir
Masallı, 22 may, Bağır Əliyev, AZƏRTAC
Son illər Masallıda inkişaf edən heyvandarlıq sahələrindən biri də camışçılıqdır. Uzun müddət tənəzzül dövrünü yaşayan bu sahə hazırda inkişaf mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, Masallıda camışçılığın inkişaf etdiyi yaşayış məntəqələrindən biri də Qızılağac kəndidir.
Kənddəki Həsənovlar ailəsi iyirmi ilə yaxındır heyvandarlığın bu sahəsi ilə məşğuldur. Beş nəfərdən ibarət ailə son illər təsərrüfatlarında camışlarının sayını artırmağa nail olub. Hazırda 80 baş camışı olan ailənin üzvləri bu sahənin əvvəlki illərə nisbətən daha çox gəlir gətirdiyini bildirirlər.
Fermer Mikayıl Həsənov heyvandarlığın bu sahəsinin üstünlüklərindən söhbət açaraq deyir: “Camışçılıq həm məhsuldar, həm də zəhmət tələb edən sahədir. Camış südünün qara malın südündən fərqi odur ki, inək südünə nisbətən yağlılığı on dəfələrlə çoxdur. Camışın ağartı məhsullarından istifadə edən xərçəng xəstəliyinə yoluxmaz. Ona görə ki, camış ilin 8-9 ayını açıq havada keçirir, çox vaxt suda olduğuna görə, lil-palçıq onda olan bütün xəstəlikləri aparır”.
Camışçılığa olan marağın artmasına səbəb isə bu heyvanın ağartı məhsullarına tələbatın çoxalmasıdır. Əsasən yerli və paytaxt bazarlarına çıxarılan məhsulların satış qiyməti də fermerləri qane edir.