ELM VƏ TƏHSİL
MASALLIDA MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARININ ÜZVLƏRİ ÜÇÜN TƏDRİS KURSLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Sərəncamına müvafiq olaraq, 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrinin ərazilərində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış tədris kursları keçirilmişdir.
Üç gün davam edən məşğələlərdə rayon məhkəməsi və prokurorluğunun, icra hakimiyyətinin rəhbər işçiləri, dairə seçki komissiyalarının sədrləri “Azərbaycan Respublikasının Seçki Məcəlləsi: əsas anlayış və prinsiplər, seçki hüququnun təminatı”, “Siyasi partiyaların və siyasi partiylar bloklarının seçkilərdə (referendumda) iştirakının əsasları”, “Seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri”, “Azərbaycan Respublikası prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin həsablanması” mövzularında məruzələrlə çıxış etmiş, iştirakçıları maraqlandıran suallara cavab vermişlər.