REGİONLAR
Masallıda şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı, 1 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən rayon birinciliyində qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılıblar.
Qaliblərin mükafatlandırılma mərasimində çıxış edın Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov yeniyetmə idmançıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Şuşanın düşməndən azad olunduğu gün - noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir. Məhz həmin gün Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi təmin olundu. Ermənistan məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa məcbur oldu.