REGİONLAR
Masallıda “Tariximizi öyrənək və təbliğ edək” devizi ilə ekskursiya təşkil olunub
Masallı, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 17-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər üçün Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Tariximizi öyrənək və təbliğ edək” devizi ilə ekskursiya təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə muzeydə keçirilən tədbirdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov dövlət-gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, ö cümlədən Masallıda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
Bildirilib ki, ekskursiyanın təşkil edilməsində məqsəd yetişməkdə olan gənc nəslə Azərbaycanın tarixini tanıtmaq, keçmişə sevgi və qayğı aşılamaqdır.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və muzeyin əməkdaşı, bərpaçı-rəssam Heyran Lələyeva gəncləri muzeydə olan eksponatlarla tanış edərək, onlara rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında məlumat veriblər.
Qeyd olunub ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb.
Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Ekskursiya iştirakçıları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.