REGİONLAR
Masallıda yerli sahibkarlar üçün təlim keçirilib
Masallı, 19 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 19-da Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlim keçirib.
AZƏRTAC xəbər verir ki, “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində reallaşan təlim məşğələsində rayonda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Nəzəri və praktik hissələrdən ibarət olan təlim məşğələsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarından söhbət açılıb. Təlimçilər Cəsarət Hüseynzadə və Tofiq Əliyev əqdlərin bağlanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan forma və metodlar haqqında iştirakçılara məlumat veriblər.
Məşğələnin praktik hissəsində iştirakçılar dörd qrup üzrə kazus çalışmalarında bilik və bacarıqlarını nümayiş etdiriblər.
Təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar verilib.