REGİONLAR
Masallıda yol hərəkəti qaydalarını pozan sürücülər cərimələniblər
Masallı, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, növbəti belə tədbir zamanı Masallı şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadaların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub.
Sürücülərin hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və qanunamüvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşları tərəfindən, eyni zamanda, təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və digər qayda pozuntularına yol verən sürücülər də aşkarlanıb. Yol verdikləri qayda pozuntuları izah olunmaqla, onların hər biri barəsində inzibati protokol tərtib edilib.