MAY AYINDA TEZ-TEZ KÜLƏK ƏSƏCƏK
Mayın ilk günləri hava isti və yağmursuz olacaqdır. Birinci ongünlüyün ortalarında temperatur rejimi iqlim normalarından aşağı olacaq, bəzi bölgələrdə yağış yağacaqdır. Ay boyu cənub küləyi şimal küləyini əvəz edəcəkdir. Ümumilikdə, bəzi qeyri-sabit dövrlər istisna olmaqla, mayda temperaturun normaya uyğun olacağı gözlənilir. Bəzi günlərdə temperaturun normadan artıq olacağı ehtimalı var. Dağlıq və dağətəyi rayonlar istisna olmaqla, yağıntının səviyyəsi normaya uyğun olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 17-19 dərəcəyə çatacaq (gecə 12-15 dərəcə, gündüz 17-22 dərəcə, ayrı-ayrı günlərdə 26-29 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (18-21 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 16-18 dərəcə isti (gecə 9-14 , gündüz 18-23 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə), yağıntının səviyyəsi normaya yaxın, bəzi yerlərdə artıq (33-62 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 9-13 dərəcə isti (gecə 5-9 dərəcə şaxta, gündüz 10-15 dərəcə, bəzi günlərdə 19-24 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (68-122 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 17-19 dərəcə isti (gecə 10-13 dərəcə, gündüz 19-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcəyə qalxacaqdır), yağıntının səviyyəsi normaya yaxın (43-68 mm), bəzi yerlərdə ondan artıq olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 14-17 dərəcə (gecə 8-13, gündüz 18-23 dərəcə, bəzi günlərdə 25-27 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (26-166 mm), bəzi yerlərdə isə ondan çox olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 16-19 dərəcə isti (gecə 12-15, gündüz 20-25 dərəcə, bəzi günlərdə 28-31 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (26-62 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 15-18 dərəcə isti (gecə 10-14, gündüz 18-23 dərəcə, bəzi günlərdə 26-28 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (41-72 mm) olacaqdır.