İQTİSADİYYAT
Mayda “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir
Bakı, 27 mart (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 3-də “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktiki konfrans keçirəcəkdir.
ƏMDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna rolu olan geniş miqyaslı mülkiyyət islahatlarının və dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atılan tarixi addımlar, qəbul edilən qərarlar, ardıcıl və səmərəli tədbirlərin sosial-iqtisadi aspektləri, onların nəticələrinə dair məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaqdır.
Elmi-praktiki konfransda dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı, göstərilən mövzu ilə bağlı məruzə və təqdimatların keçirilməsi nəzərdə tutulur.