ELM VƏ TƏHSİL
Mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb
Bakı, 31 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib.
İyunun 11-də keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat davam edir.
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq “Sınaq imtahanı” ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər isə istədikləri vaxt yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.