SİYASƏT
MAYIN 28-İ ABŞ-IN BİR SIRA ŞƏHƏR VƏ ŞTATLARINDA “AZƏRBAYCAN MİLLİ GÜNÜ” ELAN EDİLMİŞDİR
Vaşinqton, 29 may (AZƏRTAC). Amerika Birləşmiş Ştatlarının bir sıra şəhər və ştatlarında mayın 28-i “Azərbaycan milli günü” elan edilmişdir.
ABŞ-ın Kolorado, Montana, Vaşinqton, Kaliforniya, Oreqon, Yuta, Nyu-Meksiko və Arizona ştatlarının qubernatorları müsəlman Şərqində ilk demokratik cümhurriyyətin Azərbaycanda qurulmasının 91-ci ildönümü münasibətilə bəyanatlar yaymış, Amerika azərbaycanlılarını təbrik etmişlər.
ABŞ siyasətçilərinin bəyanatlarında deyilir ki, tarix boyu Azərbaycan xalqı, eləcə də Amerika azərbaycanlıları dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə və elminə böyük töhfələr vermişlər. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri, xüsusilə də qadınlara seçib-seçilmək hüququnun verilməsi, parlamentdə ictimayyətin bütün təbəqələrinin təmsil olunması, təkcə azərbaycanlılar üçün deyil, bütün dünya demokratiyası üçün vacib töhfələrdir və Amerika ictimayyəti tərəfindən yüksək qiymətləndirilir.
28 May - Respublika günü münasibətilə Merilend ştatının Baltimor, Nevadanın Sparks, İndiananın Bluminqton, Kaliforniyanın Monterey və İrvinq şəhərlərinin valiləri də Amerika azərbaycanlılarını təbrik etmişlər.
Respublika günü münasibətilə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Nyu-Yorkda rəsmi ziyafət təşkil olunmuşdur. Tədbirdə BMT rəhbərliyinin nümayəndələri, bu beynəlxalq təşkilatın nəzdində fəaliyyət göstərən xarici dövlətlərin daimi nümayəndəliklərinin, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan və yəhudi icmalarının rəhbərləri və üzvləri iştirak etmişlər.
Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov AZƏRTAC-a bildirmişdir ki, Respublika gününün ABŞ-da belə geniş şəkildə qeyd olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının bariz nümunəsidir. Ölkəmizin mövqeyinin qlobal miqyasda möhkəmlənməsi nəticəsində Amerika ictimayyəti Azərbaycanın tarixi ilə yaxından maraqlanmağa və onu öyrənməyə başlamışdır.
Baş konsul bu işdə Amerika azərbaycanlılarının rolunu xüsusi qeyd etmiş və bildirmişdir ki, diasporumuzun daha səmərəli təşkilatlanması və fəallığı onları Amerika ictimayyətinin əhəmiyyətli hissəsinə çevirməkdədir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton