MAYNSDA BÖYÜK KARLIN TAXTI TAPILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, qədim Frank dövlətinin tarixini tədqiq edən alman arxeoloqları imperator Böyük Karlın (768-814) Mayns şəhərindəki iqamətgahının (hazırda bu sarayda Roman-German Muzeyi yerləşir) altında qazıntılar apararkən imperator Böyük Karlın vaxtilə əyləşdiyi ilk taxtla üzləşmişlər.
Frank dövlətinin tarixini tədqiq edən arxeoloq alim Methild Şultse-Delam nadir tapıntının quruluşunu və ornamentini dərindən öyrənərək qəti qərara gəlmişdir ki, taxt VIII əsrin ikinci yarısında hazırlanmışdır. Onun sözlərinə görə, daşdan hazırlanan taxtın arxa söykənəcəyinin baş hissəsindəki dərin oyma fraqmentləri onun imperatora məxsus olmasına dəlalət edir. Bu taxtın oymaları Böyük Karlın vaxtilə Axen sarayında əyləşdiyi mərmər taxtının söykənəcəyinin baş hissəsində həkk olunmuş fraqmentlərlə bütövlükdə eyniyyət təşkil edir.
Alimin fikrincə, Axen imperator sarayındakı mərmər taxt Frank dövlətinin qurucusu Böyük Karlın əsl imperator taxtıdır. Eramızın 800-cü ilində bu sarayda Böyük Karlın tacqoyma mərasimi keçirilmiş və o, Frank dövlətinin imperatoru kimi, bu mərmər taxta əyləşdirilmişdir.
Şultse-Delamın qənaətinə görə, Maynsda tapılan daş taxt Axendəki taxtdan əvvəl hazırlanmışdır. VIII əsrin ikinci yarısında Maynsda karolinqlər sülaləsinin başçısı Pippinin Reyn çayı sahilində saray-sərdabəsi olmuşdur. Atasının ölümündən sonra hakimiyyətə gələn Böyük Karl Frank dövlətinin imperatoru olmazdan öncə, 785-790-cı illər arası dövrdə atasından qalmış bu taxtda əyləşmişdir.