SİYASƏT
MDB DAİMİ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏR ŞURASININ SƏYYAR İCLASI BELARUS DAXİLİ İŞLƏR NAZİRLİYİNİN AKADEMİYASINDA KEÇİRİLƏCƏKDİR
Minsk, 24 noyabr (AZƏRTAC). MDB-nin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri noyabrın 25-də Belarus Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasında olacaqlar.
MDB İcraiyyə Komitəsindən bildirmişlər ki, Şuranın üzvləri MDB-nin miqrasiya və insan alverinə qarşı mübarizə sahəsində kadrhazırlama, ixtisasartırma və təkmilləşdirmə baza təşkilatı olan Akademiyada qurumun rəhbərliyi ilə görüşəcək, Beynəlxalq Hazırlıq Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, Mərkəzin potensialından istifadə etməklə, bu sahədə gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edəcəklər.
Sonra qonaqlar professor-müəllim heyətinin elmi salonuna ekskursiya edəcək, tematik stendlər, təlim poliqonları, xüsusi texnika kabinetləri, mühazirə zalları, bəzi kafedralar, habelə Akademiyanın dinləyicilərinin yataqxanası ilə tanış olacaqlar.
Şura üzvlərinə Akademiyanın əlbəyaxa döyüş üzrə komandasının çıxışları, şərti cinayətkarın nümunəvi yaxalanması nümayiş etdiriləcəkdir.