DÜNYA
MDB-dən olan müşahidəçilər missiyasının Belarusda seçki kampaniyasına iradları yoxdur
Minsk, 11 avqust, AZƏRTAC
Belarusda keçirilən seçki kampaniyasına irad yoxdur. AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, MDB-dən olan müşahidəçilər missiyasının qərargah rəhbəri Yevgeni Sloboda bu fikri avqustun 10-da Belarus Ali Məhkəməsinin sədrinin birinci müavini Valeri Kalinkoviç ilə görüşdə söyləyib.
Y.Sloboda qeyd edib ki, Birlikdən olan müşahidəçilərin məqsədi seçki prosesini hərtərəfli qiymətləndirmək və missiyanın akkreditə edilmiş üzvləri tərəfindən seçkilərin monitorinqinin nəticələri barədə obyektiv rəy hazırlamaqdır. O qeyd edib ki, aparılan müşahidələrə əsasən indiyə qədər keçirilən seçki kampaniyasına irad yoxdur. Bütün proseslər açıq və aşkar keçirilir, müşahidəçilərin iştirakı və bütün iştirakçılara bərabər şərait yaradılması təmin edilir.
MBD-dən olan müşahidəçilər missiyasının qərargah rəhbəri Belarus Milli Məclisinin nümayəndələr palatasının deputatlarının seçki prosesi ilə bağlı məhkəmələrə daxil olmuş şikayətlər barədə Ali Məhkəmə tərəfindən məlumat verilməsinə görə təşəkkürünü bildirib. V.Kalinkoviç də öz növbəsində məhkəmələrin seçki kampaniyası gedişində daxil olan bütün şikayətlərə obyektiv və qərəzsiz baxmağa hazır olduqlarını qeyd edib. O deyib: “Bu proseslər aşkar və açıqdır. Şikayətlərə baxılmasının nəticələri barədə məlumat operativ şəkildə Ali Məhkəmənin rəsmi internet-portalında yerləşdiriləcək. İşə bu cür yanaşma azad və demokratik seçkilər keçirilməsinə kömək edir. Ümid edirik ki, seçki kampaniyası sakit keçəcək”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk