SİYASƏT
MDB ekspertləri Belarus paytaxtında əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Minsk, 28 noyabr (AZƏRTAC). Noyabrın 29-30-da MDB-nin Minskdəki mənzil-qərargahında “MDB iştirakçısı olan dövlətlərin ümumi əmək bazarının mərhələlər üzrə formalaşması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi Konsepsiyası”nın və “2011-2015-ci illər üçün ümumi əmək bazarının formalaşması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi üzrə Prioritet Tədbirlər”in layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətində məlumat vermişlər.
Birinci sənədin layihəsi 2020-ci ilə qədər olan dövr üçün Birliyin iqtisadi inkişaf strategiyasının reallaşdırılması məqsədilə beynəlxalq formativ-hüquqi aktlar əsasında işlənib hazırlanmışdır.
Ümumi əmək bazarı işçilərin mənafelərini maksimum dərəcədə nəzərə alan hüquqi, iqtisadi və sosial şərait və mexanizmlərin formalaşmasını nəzərdə tutur. Mətbuat xidmətindən qeyd etmişlər ki, bu bazarın yaradılması MDB dövlətlərinin iqtisadi inkişafının mühüm amilinə çevriləcək və birlik məkanında qarşılıqlı faydalı əsasda inteqrasiya proseslərinə şərait yaradacaqdır.
2011-2015-ci illər üçün ümumi əmək bazarının formalaşması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi üzrə Prioritet Tədbirlər layihəsi bu prosesin hüquqi, metodik, informasiya və təşkilati təminatı məsələlərinə həsr edilmiş dörd bölmədən ibarətdir. Həmin bölmələrdə Dövlət məşğulluq və miqrasiya xidmətlərinin əməkdaşlığı haqqında Sazişin, əməkçi miqrantlara onların işlə təmin ediləcəyi ölkənin dilinin, mədəniyyətinin və hüququnun əsaslarının öyrədilməsi, peşə hazırlığı, ixtisasartırma və yenidənhazırlanma üzrə təhsil standartlarına təqdim edilən oxşar tələblərin yaradılması planları açıqlanmışdır.
Layihədə həmçinin, fəhlə peşələrinin və qulluqçu vəzifələrinin adlarının dövlətlərarası təsnifatının, iş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair razılaşdırılmış tövsiyələrin yaradılması, ölkələr arasında məşğulluğa kömək proqramları mübadiləsinin təşkili, “MDB iştirakçısı olan dövlətlərin əmək bazarı” adlı informasiya bülleteninin buraxılması, tematik televiziya verilişlərinin yaradılması və bir sıra başqa tədbir nəzərdə tutulmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk