SİYASƏT
MDB EKSPERTLƏRİ BİRLİK ÖLKƏLƏRİNİN VETERAN TƏŞKİLATLARI BARƏDƏ QƏRAR LAYİHƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 27-də Minskdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin veteran təşkilatları barədə qərar layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
Sənəd veteran təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və hökumətlər tərəfindən respublika veteran təşkilatlarına maliyyə dəstəyi göstərilməsi üçün MDB ölkələrində dövlət qurumlarının yaradılması imkanlarının müzakirə edilməsini nəzərdə tutur.
Qərar layihəsində “Müstəqil dövlətlərin veteranlarının (pensiyaçılarının) ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurasına veteranların sosial hüquqlarının və iqtisadi mənafelərinin müdafiəsini təkidlə və hərtərəfli davam etdirmək, gənclərin vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyə edilməsi üzrə fəaliyyəti genişləndirmək, MDB dövlətlərinin inkişafı tarixini saxtalaşdıranları bundan sonra da ifşa etmək tövsiyə olunur.
Ekspertlər tərəfindən tam razılaşdırıldıqdan sonra sənədi müvafiq qaydada MDB Dövlət Başçıları Şurasının iclasının müzakirəsinə çıxarmaq planlaşdırılır.
“Müstəqil dövlətlərin veteranlarının (pensiyaçılarının) ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqı MDB ölkələrinin, habelə Latviya və Estoniyanın 12 ictimai veteranlar təşkilatını birləşdirir. İttifaqın sıralarında 60 milyondan çox adam, o cümlədən 1 milyondan yuxarı Böyük Vətən müharibəsi iştirakçısı, təxminən 500 min müharibə əlili, 6 milyondan yuxarı arxa cəbhə əməkçisi, 1,3 milyondan yuxarı müharibə veteranı, təxminən 2 milyon hərbi xidmət veteranı, 26 milyondan çox əmək veteranı vardır.