MƏDƏNİYYƏT
MDB İcraiyyə Komitəsində Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək
Minsk, 18 noyabr, Zeynal Ağazadə, AZƏRTAC
Noyabrın 20-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın (DŞ) iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Görüşün iştirakçıları təqribən on məsələyə baxmaq niyyətindədirlər. Bunlar ilk növbədə birliyin iştirakçısı olan dövlətlərin “Kitab sənəti” XI Beynəlxalq müsabiqəsinin yekunları və XII müsabiqəyə hazırlıq, XXII Minsk Beynəlxalq kitab sərgi-yarmarkasının təşkili və s. məsələlərdir.
İclasda həmçinin “Gələcək naminə tərəfdaşlıq” X Belarus Beynəlxalq mediaforumunun keçirilməsi, “Ahəng” İnternet layihəsinin yaradılması, kadr hazırlığı sahəsində əməkdaşlıq və s. məsələlərin müzakirəsi planlaşdırılır.
Xatırladırıq ki, profil DŞ 1999-cu ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistan nümayəndələri daxildirlər. Şuranın xətti ilə keçirilən tədbirlərdə Türkmənistan, Özbəkistan və Ukrayna nümayəndələri də iştirak edirlər.
DŞ qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi, MDB çərçivəsində qəbul olunmuş sənədlərin həyata keçirilməsinə öz səlahiyyəti sahəsində yardım göstərilməsi ilə məşğul olur. Onun təşəbbüsü ilə Kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq haqqında yeni Saziş və Kitaba dəstək haqqında Bəyannamə kimi mühüm sənədlər işlənib hazırlanıb və qəbul edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk