SİYASƏT
MDB-nin Minskdəki baş qərargahında Rusiya dövlətçiliyinin yaradılmasının 1150-ci ildönümünə həsr olunmuş fotosərgi keçiriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 20-də MDB İcraiyyə
Komitəsinin Minskdəki baş qərargahında Rusiya dövlətçiliyinin
yaradılmasının 1150-ci ildönümünə həsr olunmuş fotosərgi açılacaqdır. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər.
Sərgini Rusiyanın MDB nizamnamə və digər orqanlarında daimi nümayəndəlikləri təşkil etmişlər.
Rusiya tarixindən (XII əsrə aid “Ötən illərin hekayəti”) məlumdur ki, 862-ci ildə slavyan və uqor-fin tayfaları nifaqa son qoymaq üçün kənardan hökmdar dəvət etməyi qərara almışlar. Həmin hakim Varyaq knyazı Ryurik olmuşdur. Beləliklə də 7 əsrdən çox Rusiyada hökm sürmüş sülalənin təməli qoyulmuşdur.
Ənənəvi olaraq 862-ci il Rusiya dövlətçiliyinin yaranması, Rusiya tarixində dönüş ili hesab edilir.
Rusiya Prezidentinin Fərmanı və Rusiya hökumətinin qərarı ilə Rusiya dövlətçiliyinin yaradılmasının 1150-ci ildönümünə həsr edilmiş bayram tədbirləri əsasən Veliki Novqorod və Novqorod vilayətində keçiriləcəkdir. Bayram tədbirlərinin digər mərkəzləri Belozersk, Vladimir, Voloqda, Kostroma, Moskva, Pskov, Rostov, Staraya Laqoda olacaqdır.
Sərgini Rusiyanın Birliyin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi İqor Qromıko açacaqdır.
Açılış mərasiminə MDB ölkələrinin səfirləri və daimi nümayəndələri, Belarus XİN-in əməkdaşları, Belarusda akkreditə olunmuş diplomatik missiyanın təmsilçiləri, MDB İcraiyyə Komitəsinin rəhbərliyi dəvət olunmuşlar.