MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri reklam mədəniyyətinə dair Beynəlxalq konfransın iştirakçıları ilə görüşmüşdür
Bakı, 30 mart (AZƏRTAC). Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Reklam mədəniyyəti - reallıqlar və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktik konfransının iştirakçıları ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Əbülfəs Qarayev konfransın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, ikigünlük tədbir çərçivəsində reklam işinin elmi nəzəriyyəsi və təcrübəsi, müasir həyatda reklamın rolu məsələləri müzakirə edilmişdir. Nazir xarici telekanallarda Azərbaycanın iştirakının genişləndirilməsi istiqamətində aparılan işlərdən söz açaraq, zorakılığın, irqçiliyin və mənəviyyatsızlığın təbliğinin, brendlərin təzyiq göstərməsinin qarşısını almaq üçün ictimai nəzarətin vacib olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın dünya turizm bazarına çıxmasına kömək göstərəcək reklamın əhəmiyyətini qeyd edən nazir bildirmişdir ki, Azərbaycan Beynəlxalq Reklam Forumuna qoşulmuşdur.
Görüşdə iştirak edən reklam şirkətlərinin nümayəndələri konfransın keçirilməsinə görə minnətdarlıqlarını bildirərək, belə forumların müntəzəm keçirilməsinin zəruri olduğunu qeyd etmişlər. Onların fikrincə, I Bakı Konfransında 17 ölkənin nümayəndələri iştirak etmişdir, lakin gələn dəfə iştirakçıların sayı xeyli artacaqdır, çünki müzakirə olunan məsələlər reklam sahəsində çalışan hər kəs üçün böyük əhəmiyyət daşıyır.
Qonaqlar ölkədə iqtisadiyyatın sürətlə inkişafının məntiqi nəticəsi olan tikinti işlərinin miqyasına heyran qaldıqlarını bildirmişlər. Reklam işi sahəsində kadr hazırlığının zəruri olduğu qeyd edilmişdir.
Ə.Qarayev bildirmişdir ki, bu istiqamətdə artıq iş aparılır. Turizm İnstitutunun rektoruna “Reklamın marketologiyası” bölməsinin açılması barədə göstəriş verilmişdir.