MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının üzvləri ilə görüş keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Mədəniyyət və Turizm Nazirliyində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası (BMMKA) üzvlərinin Bakıda keçirilən işgüzar görüşünün iştirakçıları ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq ölkəmizdə muzey işinin inkişafı barədə qısa məlumat vermişdir.
Ə.Qarayev qeyd etmişdir ki, Azərbaycan dövləti muzeylərin inkişafına, muzey işinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Azərbaycanda köhnə muzeylər bərpa olunur, yeni muzey binaları tikilir, elektron kataloqlara keçid əsasən başa çatmışdır.
2010-cu il aprelin 7-də Moskvada, M.Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “UNESCO inciləri Moskvada: “Azərbaycan muğamı” adlı tədbir keçirilmişdir. Elə o vaxt Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.Qlinka adına Mərkəzi Musiqi Mədəniyyəti Dövlət Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Nazir Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyinin təşəbbüsü ilə 2011-ci ildə yaradılmış BMMKA-nın fəaliyyətini yüksək qiymətləndirmişdir. Assosiasiyanın təsisçiləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.Qlinka adına Mərkəzi Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Sankt-Peterburq Dövlət Teatr və Musiqi Muzeyidir. Hazırda assosiasiyaya onlarca muzey daxildir. Muzeylərin fəaliyyəti əlaqələndirilir. Bu xarici ölkələrdə musiqi mədəniyyətinin qarşılıqlı təbliğinə xidmət edir.
Bakı görüşündə Rusiyadan, o cümlədən Saxa Respublikası (Yakutiya) və Adıgeydən, habelə Latviya, Qazaxıstan, Niderland və Almaniyadan 20 nümayəndə iştirak edir.
İşgüzar görüşdə əsasən Azərbaycanda muzey işi, musiqi muzeylərinin fəaliyyəti, muzeylərdə ekspozisiyaların təşkil edilməsinin əsas metodları və s. məsələlər müzakirə edilir.
Görüşdə təcrübə mübadiləsinin və birgə tədbirlər keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.