MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyinin mükafatları təqdim edilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət İşçisi” və “Fəxri Turizm İşçisi” döş nişanlarının təqdim edilməsi mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mükafat Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin xüsusi qərarı ilə təsis edilmişdir.
Mədəniyyət və turizm naziri Əlülfəs Qarayev nazirliyə məxsus belə bir mükafatın ilk dəfə təsis edildiyini vurğulamışdır. Nazir mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çoxlu sayda mükafatların mövcud olduğunu söyləyərək bildirmişdir ki, turizm sahəsində belə bir mükafat ilk dəfədir verilir.
Ə.Qarayev mükafatın nazirliyin, mədəniyyət mərkəzlərinin, kitabxanaların, muzeylərin, klubların, parkların, idarələrin əməkdaşlarına təqdim ediləcəyini vurğulamışdır. Turizm və mədəniyyətimizin inkişafında yalnız yaradıcı insanların deyil, bunu təşkil edənlərin də fəaliyyətinin mühüm rol oynadığı və bu insanlara qiymət verilməsinin təbii hal olduğu bildirilmişdir.
Sonra mükafatlar sahiblərinə təqdim edilmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, həmçinin nazirliyin, Bakıda və bir çox rayonlarda fəaliyyət göstərən mədəniyyət və turizm şöbələrinin, kitabxanaların, musiqi məktəblərinin və digər mədəniyyət müəssisələrinin əməkdaşları olmaqla, ümumilikdə, 22 nəfər mükafata layiq görülmüşdür.