DÜNYA
Məhəmməd Əlinin çempion kəməri hərracda 6,18 milyon dollara satılıb
Bakı, 25 iyul, AZƏRTAC
Amerikalı biznesmen, Milli Futbol Liqasının (NFL) “İndianapolis Kolts” komandasının sahibi Cim İrsey əfsanəvi boksçu Məhəmməd Əlinin çempion kəmərini hərracda 6,18 milyon dollara alıb.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Əli həmin kəməri 1974-cü ildə amerikalı Corc Formanla döyüşün səkkizinci raundunda nokautla qalib gələrək qazanmışdı.
Bu, İrseyin hərraclarda ilk qiymətli alış-verişi deyil. Biznesmen Elvis Presliyə və Con Lennona məxsus bir neçə gitaraya da sahibdir.
Məhəmməd Əli (əvvəlki adı Kassius Kley) 1942-ci ildə anadan olub, 1964-cü ildə İslamı qəbul edib. O, 1960-cı ildə yarımağır çəkidə olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978) titullarını qazanıb. Keçirdiyi 61 döyüşün 56-da (37-si nokautla) qələbə qazanan Məhəmməd Əli 2016-cı ildə vəfat edib.