MƏDƏNİYYƏT
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Son nəfəsədək Azərbaycan” romanı çapdan çıxmışdır
Bakı, 25 yanvar (AZƏRTAC). Filologiya elmləri doktoru, professor, şair və nasir Vüqar Əhmədin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr etdiyi roman “Son nəfəsədək Azərbaycan” adlanır.
AZƏRTAC xəbər verir ki, bu əsər Azərbaycanın istiqlaliyyəti və azadlığı tarixində böyük xidmətləri olmuş siyasi və ictimai xadim, ədəbiyyatşünas və tarixçi Məhəmmməd Əmin Rəsulzadəyə həsr olunmuşdur.
Kitab Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının mətni ilə açılır.
Arxiv materialları və tarixi sənədlər əsasında yazılmış kitabın redaktorları filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu və yazıçı-jurnalist Müşfiq Cabiroğludur.
“MBM” nəşriyyatında yüksək poliqrafik zövqlə çap olunmuş 336 səhifəlik bu romana yazıçı-dramaturq Mövsüm Əhmədovun yazdığı “Ön söz”də deyilir: “Vüqar Əhməd yenicə qələmə aldığı romanda cazibəli mənzərələrlə, inandırıcı səhnələrlə bizi çox da uzaq olmayan, lakin sovetlər zamanı saxtalaşdırılmış və təhrif edilərək tamamilə başqa şəkildə yazılmış tariximizlə yaxından tanış edir, daha doğrusu bizim hər birimiz üçün çox gərəkli olan bir ekskursiyaya aparır. Bu ekskursiya zamanı insan öz keçmişinə, əsl tarixinə olduqca rahat bir şəkildə boylana bilir və indiyə qədər ona məlum olmayan, fəqət həmişə bilmək istədiyi bir çox məlumatlar əldə eləyir”.
Vüqar Əhmədin maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik lövhələrlə zəngin olan “Son nəfəsədək Azərbaycan” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.